Türkiyə Super Liqasındakı yerini çətinliklə qorumağı bacaran “Konyaspor” komandasında baş məşqçi postu ilə bağlı qərar verilib.
Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini yeni mövsümdə də Ali Çamdalı çalışdıracaq.
Bu barədə Konya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. 40 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “Konyaspor” bu ilin aprel ayında baş məşqçisi Fahrudin Omeroviçi istefaya göndərmiş və onu Ali Çamdalı ilə əvəzləmişdi. 2023-cü ildən klubun idman direktoru vəzifəsində işləyən Ali Çamdalı komandanın müvəqqəti baş məşqçisi təyin olunmuşdu. Belə ki, o, mövsümün sonuna qədər Konya təmsilçisini çalışdırmalı idi. Komandanı cəmi 4 oyuna çıxaran gənc mütəxəssis 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət görmüşdü. Amma onun rəhbərliyi altında mövsümü 41 xalla 16-cı pillədə başa vuran konyalılar elitada qalmışdılar. Klub rəhbərliyi növbəti mövsümdə də Konya təmsilçisinə Çamdalının rəhbərlik etməsinə qərar verib.
40 yaşlı mütəxəssis futbolçu karyerası ərzində 2013-2018-ci illərdə və 2019-cu ildə məhz “Konyaspor”da oynayıb. O, bu komandanın kapitanı olub. Həmçinin Ali Çamdalı “Borussiya” (Mönhenqladbax), “Bayer”in ehtiyat komandası, “Kayserispor”, “Kocaelispor”, “Orduspor”, “Rizəspor” və “Manisa”da da çıxış edib.


