Koronavirus Avroliqada daha 2 matçı “vurdu”

Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək daha iki oyun öncədən nəzərdə tutulduğu məkanda keçirilməyəcək.

Arena.az xəbər verir ki, söhbət “Benfika” (Portuqaliya) – “Arsenal” (İngiltərə) və “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) oyunlarından gedir.

UEFA Portuqaliya və İspaniyada keçirilməli olan bu görüşlərin müvafiq olaraq, Romadakı “Olimpiko” və Turindəki “Yuventus” stadionlarında təşkil olunmasına qərar verib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, matçların əvvəlcədən nəzərdə tutulduğu məkanlarda keçirilməməsinə səbəb koronavirus pandemiyası ilə əlaqədar bəzi ölkələrdə sərt karantin tələblərinin tətbiq olunmasıdır. Bununla əlaqədar Avroliada daha öncə “Molde” (Norveç) – “Hoffenhaym” (Almaniya) matçının da İspaniyanın Vilyarreal şəhərindəki “Seramika” stadionunda keçirilməsinə qərar verilmişdi. Hətta UEFA Çempionlar Liqasında da bəzi matçların keçirilmə yerləri dəyişdirilib.