“Çelsi”nin aparıcı futbolçularından olan Koul Palmer UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la oyunu buraxacaq.
Arena.az bu barədə “Sky Sport”a istinadən xəbər verir.
London təmsilçisinin baş məşqçisi Enzo Mareska 23 yaşlı yarımmüdafiəçinin 6 həftədən sonra yaşıl meydanlara qayıda biləcəyini təsdiqləyib. Beləliklə, ingiltərəli oyunçu zədə səbəbindən qarşıdakı 9 matçda meydana çıxa bilməyəcək.
Palmer Premyer Liqada “Nottingem Forest”, “Sanderlend”, “Tottenhem”, “Vulverhempton”, “Börnli”, UEFA Çempionlar Liqasında “Ayaks” (Niderland), “Qarabağ”, “Barselona” (İspaniya) və İngiltərə Liqa Kubokunda “Vulverhempton”la oyunlarda iştirak etməyəcək.
Xatırladaq ki, Palmer cari mövsümdə “Çelsi” forması ilə cəmi 4 matçda iştirak edib və 2 qol vurub.
Palmer İngiltərə Premyer Liqanın 5-ci turunda, “Mançester Yunayted”lə matçda zədə almışdı. Həmin vaxt ingilis futbolçunun 3 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Amma görünür, Koulun zədəsi daha ciddi imiş.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də keçiriləcək.
Koul Palmer “Mançester Siti”nin məzunudur. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz “Mançester Siti”dən keçib. Palmerin London təmsilçisi ilə müqaviləsinin müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 2 qol vurub.
Palmer “Çelsi”nin heyətində ümumilikdə 101 oyun keçirib, 45 qol vurub, 29 məhsular ötürmə verib.
Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 12 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.
Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. Koul “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb. “Çelsi” ilə isə Palmer Konfras Liqasının (2024/2025) və FIFA Klub Dünya Kubokunun (2025) qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.


