Kristian Eriksen yenə futbol ictimaiyyətini qorxutdu

Futbol üzrə Danimarka millisinin kapitanı Kristian Eriksen ötən gecə Ukrayna yığmasına qarşı keçirdikləri yoxlama oyunu zamanı huşunu itirib.

Arena.az xəbər verir ki, matçın ikinci hissəsinin ortalarında Eriksenin huşunu itirərək yerə yıxılmasından sonra matçın baş hakimi oyunu yarımçıq dayandırıb.

Nəticədə Danimarka millisi 75-ci dəqiqədə dayandırılmış matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Oyundan sonra komandanın həkimi Morten Boesen futbolçunun özünü yaxşı hiss etdiyini deyib:

“Kristian meydanı özü tərk edib. Məncə, kardiostimulyator lazım olduğu kimi işləyir. O, qısa müddətə huşunu itirib, amma çox tez özünə gəlib və biz onunla tez bir zamanda əlaqə saxladıq. İndi o, xəstəxanada daha ətraflı müayinədən keçəcək və hadisənin səbəbini öyrənəcək. Biz onunla və xəstəxanadakı həkimlərlə davamlı əlaqə saxlayırıq. Amma Kristian yaxşı idi və o, məndən bütün oyunçuları salamlamağımı və hər şeyin qaydasında olduğunu deməyimi istədi”.

Xatırladaq ki, Kristian Eriksen oxşar hadisə ilə 2021-ci ildə, Avropa çempionatı zamanı Finlandiya ilə oyunda da üzləşmişdi. Həmin vaxt meydanda huşunu itirən futbolçunu həkimlər böyük çətinliklə həyata qaytara bilmişdilər. Eriksen həmin hadisədən sonra 8 ay yaşıl meydanlardan kənarda qalmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: