“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo müasir futbolda fərdi mükafatların dəyərindən danışıb.
Arena.az “Record” nəşrinə istinadən, Ronaldonun bu barədə fikirlərini təqdim edir:
“Mən FIFA-nın “Qızıl top” və “The Best” (Ən yaxşı) mükafatları haqqında nə düşünürəm? Düşünürəm ki, bu mükafatlar müəyyən mənada etibarını itirir. Bu o demək deyil ki, Messi, Haland və ya Mbappe onlara layiq deyillər. Sadəcə, “Globe Soccer Awards”da təqdimat qazansam da, artıq bu mükafatlara inanmıram. Amma elə amillər və rəqəmlər var ki, onları aldatmırlar. Məndən məsələn, 2023-cü ildə dünyanın ən sərrastı mükafatını ala bilməzlər. Çünki obyektiv rəqəmlər var”, deyə Ronaldo bildirib.
Xatırladaq ki, ötən ilin payızında Argentina yığmasının və “İnter Mayami”nin ulduzu, hücumçu Lionel Messi 2023-cü ilin ən yaxşı futbolçusu seçilib. Həmçinin bu həftə Messi FIFA-ya görə 2023-cü ilin ən yaxşı oyunçusu mükafatını alıb.
Kristiano Ronaldo isə ənənəvi “Globe Soccer Awards” mərasimində 2023-cü ildə Yaxın Şərqin ən yaxşı oyunçusu, azarkeşlərə görə ən yaxşı oyunçu, həmçinin ilin ən sərrast futbolçusu kimi “Maradona Mükafatı”nı qazanıb.
Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal hücumçu ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.
Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.
Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı Kristiano Ronaldonun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


