Kristiano Ronaldo: “Tənqid mənə təsir etmir”

“Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo “2023 Globe Soccer Awards” mərasimində qazandığı 3 qənimətə münasibətini açıqlayıb.

Arena.az xatırladır ki, ulduz futbolçu nüfuzlu tədbir çərçivəsində namizədliyinin təqdim edildiyi hər üç mükafata sahib olub:

  • 2023-cü ildə Yaxın Şərqin ən yaxşı oyunçusu;
  • 2023-cü ilin ən sərrast futbolçusu kimi “Maradona mükafatı”nın sahibi;
  • Azarkeşlərə görə 2023-cü ilin ən yaxşı oyunçusu.

“Üç mükafat qazandığım üçün fəxr edirəm. Məni hər gün daha yaxşı edən bütün klub əməkdaşlarına və komanda yoldaşlarıma çox təşəkkür edirəm”.

Həmçinin Ronaldo öz qolçuluq bacarıqlarına dair məqamı vurğulayıb. O, ünvanına yönəlmiş tənqidlərə münasibət bildirib və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının futbol səviyyəsi haqda danışıb:

“Cari mövsümdə mən ən yaxşı qolçu olmuşam. Təsəvvür edin ki, mən Erlinq Haland kimi gənc “vəhşilər”i üstələyirəm… Mən bununla fəxr edirəm. Tezliklə isə 39 yaşım olacaq!

İnsanların mənə yenidən şübhə etməsi və sonra uğur qazanmağı xoşlayıram. Tənqid mənə təsir etmir.

Səudiyyə Ərəbistanı Peşəkar Liqası Liqa 1-dən daha rəqabətlidir. Mən bunu burada keçirdiyim bir ildən sonra deyə bilərəm. Biz artıq Fransa liqasından daha yaxşıyıq”.

Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir. Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.

Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: