Kristiano Ronaldo yenə qol vurdu, ili zirvədə tamamladı – Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 19-cu turu çərçivəsində səfərdə “Əl-Taavun”la qarşılaşıb.

“Əl-Nəsr” rəqibi üzərində 4:1 hesablı qələbəyə sevinib. “Nəcd cəngavərləri”nin ulduzu Ronaldo komandasının qələbəsini oyunun sonuncu dəqiqsinə əlavə edilmiş təzminat dəqiqələrində vurduğu qolla rəsmiləşdirib.

Qələbə sayəsində “Əl-Nəsr” 2-ci pillədə yerini möhkəmlədib. 19 turdan sonra “Nəcd cəngavərləri”nin 46 xalı var. Çempionata 53 xalla məğlubiyyət nə demək olduğunu bilməyən “Əl-Hilal” başçılıq edir.

Ronlaldo milli çempionatın ən sərrast futbolçusudur – 20 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var və bu göstəricidə Ronaldo “Əl-Taavun”un yarımmüdafiəçisi Alvaro Medranla şərikli liderdir. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə isə Ronaldo milli çempionatın ən səmərəli futbolçusudur – 29 xal (20 qol və 9 məhsuldar ötürmə).

Həmçinin vurduğu bu qolla “Kriş” 2023 təqvim ilindəki qollarının sayını 54-ə çatdırıb və ili ən sərrast futbolçular siyahısının zirvəsində tamamlayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: