Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 6-cı turu çərçivəsində “Pohanq”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası fasilədən dərhal sonra hesabı açsa da, 82 və 90+3-cü dəqiqələrdə buraxdığı qollar nəticəsində yekunda 1:2 hesablı məğlubiyyətə üzülüb.
Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 90+3-cü dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon Hana Sitizen” 6 turdan sonra topladığı 5 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda 6 oyunda 1 qələbə qazanıb, 2 heç-heç edib, 3 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 37 oyuna çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.


