Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen” komandasının daha bir oyununda iştirak hüququ qazanmayıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 17-ci turu çərçivəsində “Anyanq”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası yekunda xal itkisi ilə üzləşib – 1:1. Son turlarda zədə səbəbindən oynamayan Antonun adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 18 oyuna topladığı 32 xalla 12 iştirakçı arasında ikinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 18 oyuna 9 qələbə qazanıb, 5 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Anton əvvəlki görüşlərin 12-də iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 74 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.


