Lamin Yamal: “Avropanın ən yaxşısı olmaq mənim üçün şərəfdir”

“Barselona”nın 17 yaşlı ispaniyalı yeniyetmə cinah hücumçusu Lamin Yamal “Golden Boy” mükafatını qazanmasını şərh edib.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Belə bir mükafatı qazanmaq mənim üçün böyük şərəfdir. Mən çox xoşbəxtəm, arzum gerçəkləşdi. Əlbəttə, istər “Barselona”dakı, istərsə də İspaniya yığmasındakı komanda yoldaşlarımı qeyd etməliyəm. Bu, inanılmaz surətdə başa çatmış inanılmaz bir il oldu”, deyə yeniyetmə futbolçu vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 67 oyun, 13 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib. O, bu oyunlarda 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: