Leonardo Jardim Qətər klubunda!

“Monako”nun sabiq baş məşqçisi Leonardo Jardim ötən ilin yayından rəhbərlik etdiyi Səudiyyə Ərəbistanının “Şabab Əl-Əhli” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin bu klubla müqaviləsinin müddəti bu ayın 30-da başa çatır.

Tərəflər yeni sözləşmə imzalamaqda maraqlı olmadıqları üçün yollarını ayırıblar. O, bu komandanı 31 oyuna çıxarıb, 18 qələbə sevinci yaşayıb. Qalan oyunlarda isə 7 heç-heçə, 6 məğlubiyyət qeydə alınıb. Jardimin komandası mövsümü 57 xalla çempion kimi başa vurub.

Artıq Leonardi Jardimin yeni iş yeri də məlumdur. O, bundan sonra Qətərin “Əl-Rayyan” komandasını çalışdıracaq. Təcrübəli mütəxəssis bu klubla 2 illik müqaviləyə imza atıb. O, bu postda Nikolas Kordovanı əvəz edib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Leonardo Jardim daha öncə “Kamaşa”, “Şaveş”, “Beyra-Mar”, “Braqa”, “Sportinq” (Lissabon), “Olimpiakos”, “Əl-Hilal” kimi komandalara da rəhbərlik edib. Onun ən böyük uğurları isə 2014-2018-ci illər aralığında çalışdırdığı “Monako” ilə olub. Jardim bu komanda ilə Fransa çempionu olub, UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: