“İnter Mayami”nin argentinalı superulduzu Lionel Messi ötən mövsüm üçün “Qızıl top” mükafatına layiq görülüb.
Arena.az məlumat verir ki, 36 yaşlı futbolçu mükafatı aldıqdan sonra qazandığı 8-ci “Qızıl top”u əfsanəvi Dieqo Maradonaya həsr edib.
Məsələ burasındadır ki, argentinalı hücumçu mükafatı Maradonanın 63-cü doğum günündə alıb. O, bununla bağlı deyib:
“Dieqonu xatırlayıram, bu gün ad günüdür və onu təbrik etmək üçün onun kimi futbolu sevən bir çox insanın əhatəsində olmaqdan daha yaxşı yer yoxdur. Ad günün mübarək, Dieqo! Bu mükafatı səninlə bölüşürəm”.
Messi səhnədən “Mançester Siti”nin norveçli forvardı Erlinq Halanda və PSJ-nin fransalı hücumçusu Kilian Mbappeyə də müraciət edib:
“Erlinq də buna layiqdir. O, Premyer Liqanın, Çempionlar Liqasının ən sərrast futbolçusu olaraq, bu turnirləri qazandı. Bu mükafat onun da payına düşə bilərdi. Əminəm ki, qarşıdakı illərdə siz bunu qazanacaqsınız”, deyə Messi bildirib.
“Messini bu mükafata görə təbrik edirəm. Sən buna layiqsən”, – öz növbəsində Mbappe sosial şəbəkə hesabı üzrindən argentinalı superulduzu cavablayıb.
Messidən mütləq rekord!
Xatırladaq ki, dünən, oktyabrın 30-da Fransanın “France Football” nəşri tərəfindən son mövsümün ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib. Səsvermənin nəticələrinə əsasən, Messi karyerasında 8-ci dədə “Qızıl top” mükafatını qazanaraq, müəyyənləşdirdiyi mütləq rekordunu yeniləyib. Messi əvvəllər 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə nüfuzlu mükafatın qalibi olub. Erlinq Haland 2-ci, Kilian Mbappe isə 3-cü yerə layiq görülüb.
Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Leo ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.
Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


