Luis Fiqo sərvətini açıqladı

Portuqaliya futbolunun canlı əfsanəsi, “Barselona” və “Real”ın sabiq hücumçusu Luis Fiqo maddi vəziyyətini qiymətləndirib.

Arena.az Fiqonun bu barədə qənaətini təqdim edir:

“Bu, mənim əmlakımın vergi orqanları tərəfindən necə qiymətləndirilməsindən asılıdır. Məndə sizin düşündüyünüzdən çox, istədiyimdən isə daha azı var. 20 milyon avro məbləğdən 50 milyon avro məbləğə qədər”.

Xatırladaq ki, Luis Fiqo Portuqaliya futbolunun əfsanəvi oyunçularından biridir. O, 1972-ci il 4 noyabrda Portuqaliyanın Almada şəhərində anadan olub. 52 yaşlı veteran futbolçu vaxtilə həm klub, həm də milli səviyyədə böyük uğurlar əldə edib.

Fiqo futbol həyatına Portuqaliyanın “Sportinq” klubunda başlayıb. O, klubun gənclər akademiyasından yüksəlib və 1990-cı ildə əsas komandada debüt edib. Gənc yaşlarından istedadı ilə diqqət çəkərək, həm ölkə daxilində, həm də xaricdə maraq oyadıb.

1995-ci ildə Fiqo İspaniyanın “Barselona” klubuna keçib. Kataloniya klubunda oynadığı dövrdə o, artıq dünya səviyyəli futbolçu kimi tanınmağa başlayıb. Fiqo bu klubla birlikdə 2 dəfə La Liqa çempionu olub (1997/98, 1998/99), UEFA Kubok Qalibləri Kubokunu (1996/97) qazanıb, iki dəfə İspaniya Kubokunun (1996/97, 1997/98), bir dəfə İspaniya Super Kubokunun (1996), bir dəfə UEFA Super Kubokunun (1997) qalibi olub.

2000-ci ildə Fiqo futbol tarixində ən mübahisəli transferlərdən birinə imza ataraq, “Real”a keçib. Bu transfer o dövrdə rekord məbləğə – 62 milyon avroya başa gəlib. Bu keçid “Barcelona” azarkeşləri arasında böyük narazılıq yaradıb. “Real”da oynayarkən Fiqo 2 dəfə La Liqa (2000/01, 2002/03) çempionu olub, UEFA Çempionlar Liqasını (2001/02), UEFA Super Kubokunu (2002), İnterkontinental Kubokunu (2002), İspaniya Super Kubokunu (2021, 2023) qazanıb.

2005-ci ildə Fiqo İtaliyanın “İnter” klubuna keçib. Burada oynadığı dövrdə o, ardıcıl 4 dəfə (2005/06, 2006/07, 2007/08, 2008/09) İtaliya çempionu olub və karyerasını 2009-cu ildə bu klubda bitirib. Portuqal futbolçu İtaliya Kubokunun (2005/06) və İtaliya Super Kubokunun (2006, 2008) da qalibi olub.

Luis Fiqo Portuqaliya millisində 1991-ci ildən 2006-cı ilə qədər çıxış edib. O, çilli komanda ilə 127 oyuna çıxaraq 32 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: