Luis Rubiales ədəbsizliyi müqabilində istefa vermək istəmir

İspaniya Kral Futbol Federasiyanın (RFEF) prezidenti Luis Rubiales onu istefaya səsləyənlərin istəyini yerinə yetirməyəcəyini bəyan edib.

Arena.az xəbər verir ki, avqustun 24-də Rubialesin İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verəcəyi xəbəri yayılmışdı.

Lakin o, bu gün keçirdiyi mətbuat konfransında “məsum izah”la kifayətlənib və vəzifəsindən getmək fikrində olmadığını bildirib.

Xatırladaq ki, Luis Rubiales 2023-cü il qadınlar arasında dünya çempionatının mükafatlandırma mərasimi zamanı, turnirin qalibi İspaniya yığmasının futbolçusu Cennifer Ermosonun başından tutaraq, dodaqlarından ehtirasla öpmüşdü. Daha sonra Rubialesin digər bir qadın futbolçunu, mundialın İngiltərə yığmasına qarşı final oyununda yeganə qələbə topunu vurmuş Olqa Karmonanı da öpdüyü kadr ortaya çıxmışdı. Ardınca isə kütləvi informasiya vasitələrində Rubialesin İspaniya Kral ailəsinin hüzurunda ədəbsiz jesti haqda xəbərlər peyda oldu. Rubiales öz tənasül üzvünü şalvarın üstündən əli ilə tutaraq tribunalardan ədəbsiz jest ifadə etdiyini əks etdirən şəkillə gündəmə gəldi.

Bütün bu baş verənlər tənqidlə müşayiət edilən qızğın müzakirələrə səbəb olub. Hətta İspaniyanın baş naziri Rubialesi üzrxahlıqdan daha çox açıqlama verməyə dəvət edib və onun istefasının dövlətin əlində olmadığını vurğulayıb.

İspaniyanın Ali İdman Şurası Luis Rubialesi İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edərək, onun istefasına nail olmaq istəyir.

FIFA-nın da Luis Rubialesə qarşı intizam işi açdığı bildirilir.

Bu arada Borxa İqlesias Rubialesin istefa verib vəzifəsindən getmək istəmədiyinə görə İspaniya yığmasından getdiyini açıqlayıb: “Mən ədalətli futbolun tərəfdarıyam”, deyə Borxa İqlesias bildirib.

Eyni addımı federasiyanın vitse-prezidenti, qadın futbol komitəsinin rəhbəri və Navarra Futbol Federasiyasının prezidenti Rafael del Amo da atıb. O, Rubialesə getməli olduğunu şəxsən üzünə deyərək, bunu ondan tələb edib və istefa verib.

La Liqanın rəhbəri Xavyer Tebas da öz növbəsində yaranmış vəziyyətin ciddiliyini vurğulayaraq Rubialesin getməli olduğunu bildirib: “İspan futboluna zərər qaçılmazdır. Bu illər ərzində Luisin əməllərindən zərərçəkmişlərin siyahısı çox uzundur. Və bunu dayandırmaq lazımdır”.

İspaniya Futbolçular Assosiasiyası, hökuməti Rubialesi İspaniya Kral Futbol Federasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırmağa səsləyib: “O, növbəti dəfə İspaniya futbolunun simasına zərbə vurdu”.

Xəbəri sosial şəbəkələrdə paylaş: