İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales FİFA tərəfindən 90 gün müddətinə cəzalandırılıb.
Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən məlumat verir.
Belə ki, dünyanın ali futbol qurumu Rubialesi 90 gün müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən müvəqqəti olaraq kənarlaşdırmağa qərar verib. Qərar həm beynəlxalq, həm də milli səviyyədə etibarlıdır.
Xatırladaq ki, Luis Rubiales 2023-cü il qadınlar arasında dünya çempionatının finalından sonra keçirilən, qalibi mükafatlandırma mərasimi zamanı çempion İspaniya yığmasının futbolçusu Cennifer Ermosonu bərk-bərk qucaqlayaraq, dodağından öpmüşdü. Bu məqam tənqidlərlə müşayiət edilən kütləvi müzakirələrə səbəb olmuş, Rubialesin digər ədəbsizliklərinin də üstünün açılmasına rəvac vermişdi.
FIFA öz tərəfindən Rubialesin ispan futbolçunun “əsas hüquqlarını qorumaq” üçün Cennifer Ermoso və onun yaxınları ilə şəxsən və ya üçüncü şəxslər vasitəsilə əlaqə saxlamağa cəhdləri Rubialesə qadağan edib. Bu qadağa federasiyanın bütün əməkdaşları və nümayəndələrinə də şamil edilir.
FIFA qərarını bu gün Rubialesə, İspaniya Kral Futbol Federasiyasına və UEFA-ya bildirib. FIFA-dan məsələ ilə bağlı yekun qərar verənə qədər əlavə məlumat verilməyəcəyi də vurğulanıb.
Həmçinin FIFA Rubialesə qarşı “Kobud davranış və ədalətli oyun prinsiplərinin pozulması” maddəsi ilə intizam işi açıb. Rubialesin özü istefa verməkdən imtina edib və öpüşünü izah etdiyi mətbuat konfransı keçirib. Federasiya rəhbərinin dəyişməsi tələbi ilə çıxış etmiş 80-dən çox qadın futbolçu İspaniya yığmasında oynamaqdan imtina edib. Ermosonun özü isə Rubialesin bu davranışından xoşlanmadığını bildirib.
“İstefa vermək fikrində deyiləm!”
Yeri gəlmişkən, Rubiales keçirdiyi iclasda yolverilməz davranışı müqabilində üzr istəyib. Rubialesin bu əməlinə görə üzr istədiyi iclasda çıxışı zamanı təsirli məqam yaşanıb. Rubiales üzrxahlıq nitqində qızlarının adını çəkib və onlardan biri göz yaşlarını saxlaya bilməyib. Bundan sonra cənab Rubiales qızını sakitləşdirməyə çalışıb:
“Qızım mənim, ağlama, sən sakit və xoşbəxt olmalısan, başa düşürsən? Və atanın kim olduğu ilə fəxr etməlisən”, deyə Rubiales vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Rubiales səhv etdiyini, amma heç bir halda istefaya getməyəcəyini vurğulamışdı:
“Artıq danışmaq vaxtıdır. Mən səhv etdim və indi belə bir jest üçün uyğun vaxt deyil. Amma mənim getməli olduğum həqiqətənmi bu qədər ciddidir? Mən istefa vermək fikrində deyiləm. Mən istefa verməyəcəyəm! İstefa vermək fikrində deyiləm! Mən nə etmişəm?! Sona qədər mübarizə aparacağam”.


