Luis Rubiales nəhayət ki istefa verdi

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales rəsmi istefası ilə bağlı bəyanat verib. Arena.az “Marca” nəşrinə istinadən Rubialesin bəyanatının mətnindən sitat gətirir:

“Mən ispan futbolunun bütün bu qeyri-mütənasib tədbirdən əziyyət çəkməsini istəmirəm. Hər şeydən əvvəl, mən, öz gedişimin Avropa və Afrikaya 2030-cu il dünya çempionatı arzusunu saxlamağa və dünyanın ən böyük tədbirinin bizim ölkəmizdə keçirilməsinə imkan verəcək sabitliyə töhfəsinə əmin olduqdan sonra bu qərarı qəbul edirəm. Mən irəliyə, gələcəyə baxmalıyam.

İndi məni narahat edən bir məqam var. Mən həqiqətə inanıram və həqiqətin qalib gəlməsi üçün gücüm daxilində hər şeyi edəcəyəm. Qızlarım, ailəm və mənə dəstək olan insanlar hədsiz təqiblərdən və yalanın nəticələrindən əziyyət çəkiblər, amma bu da bir həqiqətdir ki, küçədə həqiqət günbəgün daha çox üstünlük qazanır. Mən bütün işçiləri, məclis üzvlərini, federasiyaları, ümumiyyətlə, futbol insanlarını möhkəmcə bağrıma basıram. Sizə uğurlar arzulayıram. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm” – bəyanatda deyilir.

Xatırladaq ki, Luis Rubiales 2023-cü il qadınlar arasında dünya çempionatının mükafatlandırma mərasimi zamanı, turnirin qalibi İspaniya yığmasının futbolçusu Cennifer Ermosonun başından tutaraq, dodaqlarından ehtirasla öpmüşdü. Daha sonra Rubialesin digər bir qadın futbolçunu, mundialın İngiltərə yığmasına qarşı final oyununda yeganə qələbə topunu vurmuş Olqa Karmonanı da öpdüyü kadr ortaya çıxmışdı. Ardınca isə kütləvi informasiya vasitələrində Rubialesin İspaniya Kral ailəsinin hüzurunda ədəbsiz jesti haqda xəbərlər peyda olmuşdu. Rubiales öz tənasül üzvünü şalvarın üstündən əli ilə tutaraq tribunalardan ədəbsiz jest ifadə etdiyini əks etdirən şəkillə gündəmə gəlmişdi.

Bütün bu baş verənlər tənqidlə müşayiət edilən qızğın müzakirələrə səbəb olmuşdu.

Beləliklə, FIFA başda olmaqla müvafiq qurumlar tərəfindən görülmüş tədbirlərin təzyiqi mənzərəsində vəzifəsindən getəmk istəməyən Rubiales, nəhayət ki istefa bəyanatı ilə çıxış etməli olub. Ancaq maraqlıdır ki, sabiq prezidentin gedişi birmənalı qarşılanmayıb. Hələ də Rubialesə qarşı bu təzyiqlərin bir “qarayaxma tədbiri” olması ilə razılaşan tərəfdarları var.

Xəbəri sosial şəbəkələrdə paylaş: