İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubiales Cennifer Ermoso ilə “öpüşmə işi”nin bağlanmasını tələb edib.
Arena.az bu barədə “Europa Press” agentliyinə istinadən məlumat verir.
Rubiales İspaniya İdman İnzibati Tribunalından (TAD) özünün İspaniyanın futbol üzrə qadınlardan ibarət yığma komandasının futbolçusu Cennifer Ermoso ilə məlum öpüş qalmaqalına görə açılmış məhkəmə işinə xitam verilməsini tələb edib.
Luis Rubiales TAD-da ittihamlara baxıldıqdan sonra üzləşdiyi 3 illik diskvalifikasiyanı ədalətsiz və qeyri-mütənasib hesab edir. Sabiq prezident hesab edir ki, onun üçün ədalətli cəza xəbərdarlıq, cərimə və ya 3 aydan 6 aya qədər müddətə diskvalifikasiya olacaq.
Xatırladaq ki, sentyabrda İspaniya Milli Məhkəməsi Luis Rubialesə qarşı cinayət işi açıb. Oktyabrın sonunda FIFA Rubialesi, qadınlar arasında dünya dünya çempionatının finalından sonra mükafatlandırma mərasimində Ermosonu öpdüyünə görə 3 il müddətinə futboldan kənarlaşdırıb.
Vurğulayaq ki, daha əvvəl, Rubiales FIFA-nın müvafiq qərarına da etiraz etmək niyyətində idi. O, İspaniya Kral Futbol Federasiyasındakı vəzifəsindən sentyabrda istefa verib.


