İspaniya Kral Futbol Federasiyasının fəaliyyəti dayandırılmış prezidenti Luis Rubialesin anası Anxeles Bexar özünü ispan kilsəsinə qapayıb.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, sinyora Bexar bacısı ilə birlikdə Motrildəki kilsəyə qapanıb və etiraz əlaməti olaraq aclıq tədbirinə başlayıb. Sinyora “oğluna qarşı aparılan qeyri-insani və qanlı ov” davam etdikcə aclıq tədbirini davam etdirəcəyini vurğulayıb.
Sinyora Bexar oğlu Luis Rubialesin 2023-cü il qadınlararası dünya çempionatında İspaniya yığmasının mükafatlandırma mərasimində öpüşdüyü futbolçu Cennifer Ermosodan həqiqəti söyləməsini və qalmaqalın əvvəlində bildirdiyi kimi, danışdığı hadisələrə sadiq qalmasını tələb edib.
Luis Rubialesin anası hesab edir ki, oğlu ilə Cennifer Ermoso arasındakı öpüş razılaşdırılıb, fotoşəkillər də sübut edir ki, cinsi istismar olmayıb. Sinyora Bexar hər kəsi anlayışa çağırıb, çünki bu, hər kəsin başına gələ bilər.
Xatırladaq ki, Rubiales FIFA İntizam Komitəsinin qərarı ilə tutduğu vəzifədən müvəqqəti uzaqlaşdırılıb. İspaniya prokurorluğu isə Rubialesə qarşı müvafiq maddə ilə cinayət işi açıb.


