2023/2024 mövsümündən Liqa 1-də mübarizə aparacaq Fransanın “Havr” komandasında baş məşqçi Luka Elsner ilə yeni müqavilə imzalanıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Yeni sözləşməyə əsasən, Sloveniyadan olan 40 yaşlı mütəxəssis 2025-ci ilin 30 iyununa kimi bu komandada çalışmağa davam edəcək.
Xatırladaq ki, Luka Elsner 2022-ci ilin iyun ayından “Havr”a rəhbərlik edir. O, ötən mövsüm bu komandanı 39 oyuna çıxarıb (20 qələbə, 15 heç-heçə, 4 məğlubiyyət). Komanda onun rəhbərliyi altında mövsümü 75 xalla Liqa 2-nin qalibi kimi başa vurub və elitaya yüksəlib.
Elsner daha öncə “Standard” (Lyej), “Kortreyk”, “Amyen”, “Union”, “Pafos”, “Olimpiya” (Lyublyana) və “Domjale”də də baş məşqçi olub.
Liqa 1-in yeni iştirakçısı heyətinə 5 yeni futbolçu da cəlb edib. Belə ki, sözügedən klub “Birşot”dan seneqallı hücumçu İssa Sumareni transfer edib. Onun keçidi üçün 400 min avro ödənilib. “Orlean” və “Keviyi Ruan” klublarında da oynamış 22 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Kiprin APOEL (Nikosiya) klubunun sol cinah vingeri Kandet Diavara da “Havr”a keçib. Azad agent statusuna malik 23 yaşlı qvineyalı futbolçu ilə də 3 illik müqavilə imzalanıb.
“Trua”nın mərkəz müdafiəçisi Yoann Salmier də azad agent kimi “Havr”a üz tutub. 30 yaşlı fransızla müqavilə 2 illikdir. O, daha öncə “Strasburq”da da forma geyinib.
Son iş yeri Macacırstan “Fehervar”ı olmuş sağ cinah müdafiəçisi Loik Neqo da yeni mövsümdən “Havr”ın uğurları üçün çalışacaq. 32 yaşlı futbolçu ilə də 2 illik müqavilə imzalanıb. Macarıstan yığmasında da oynamış fransız əsilli futbolçu “Nant”, “Standard”, “Uypeşt”, “Çarlton Atletik” kimi klublarda forma geyinib.
Rusiya yığmasının və “Zenit”in yarımmüdafiəçisi Daler Kuzyayev də “Havr”a keçib. 30 yaşlı futbolçu Fransa klubu ilə 2 illik sözləşmə imzalayıb. Rusiya yığmasında 46 oyuna 2 qol vurmuş futbolçu karyerası ərzində “Kareliya”, “Nefteximik” və “Terek”də forma geyinib.
“Havr” yarımmüdafiəçiləri Viktor Lexal və Elyes Mahmudla, həmçinin hücumçusu Camal Tiare ilə də yollarını ayırıb.


