Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Rusiyanın “Championat” nəşrinə müsahibə verib.
Arena.az xəbər verir ki, o, Ağdam klubunu Rusiya Premyer Liqasında mübarizə aparan kollektivlərlə müqayisə edib:
“Azərbaycan və Rusiya çempionatları arasında kifayət qədər böyük maaş fərqi var. Büdcəsi az olan “Sumqayıt” və “Səbail”lə yox, “Qarabağ”la müqayisə aparıram. Rusiyada böyük məvaciblər mövcuddur. Onqat Azərbaycan çempionu “Qarabağ” büdcəsinə görə Rusiya Premyer Liqasında ilk “10-luğ”a düşə bilməz. Azərbaycan futbolunda qat-qat az pul var. Hətta Rusiya Birinci Liqasında “Rubin” və “Arsenal” (Tula) kimi çox ciddi büdcəsi olan klubların adlarını çəkə bilərəm”.
Məhəmmədəliyev 2013-cü ildə Şahdağda çıxış edərkən maaşının 450 manat olduğunu da sözlərinə əlavə edib.
Yeri gəlmişkən o, hələ Rusiyada olarkən, karyerasının ilk illərində üzləşdiyi çətinliklərdən də söz açıb: “Komandadakı uşaqlar siqaret çəkirdilər, içə bilirdilər. Mən isə atamdan çox qorxurdum. Gecə klublarına qətiyyən maraq göstərmirdim. Başa düşürdüm ki, atam məni Moskvaya göndərib, Dağıstanda işləyir ki, burada inkişaf edim, yetişim. Xalam və dayım da çox kömək ediblər. İki il onlarla yaşadım, səbirli olduqları üçün təşəkkür edirəm. Sonra valideynlərim Mahaçqaladakı evi satdılar və yaxınlıqda olmaq üçün Moskvada mənzil aldılar”.
Xatırladaq ki, Şahrudin 2013-cü ildən Azərbaycanda çıxış edir. O, ölkəmizdə “Şahdağ” (Qusar) və “Sumqayıt” klublarının da formasını geyinib. 28 yaşlı qolkiper 2026-cı ildən “Qarabağ”ın uğurları üçün çalışır. “Şah” 2020-ci ildən də Azərbaycanın əsas millisinin formasını geyinir.


