Məhəmməd Abdullayev Avropa Oyunlarında 2-ci oldu

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşanın Krakov şəhərində keçirilmiş 3-cü Avropa Oyunlarında final döyüşünə çıxıb.

Arena.az xəbər verir ki, +92 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı yarışın son görüşündə Delişes Ori (Böyük Britaniya) ilə qüvvəsini sınayıb.

Ardıcıl olaraq, Uğur Aydemir (Türkiyə), Nikoloz Beqadze (Gürcüstan), Stilianos Poulias (Yunanıstan) və Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Abdullayev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və boksçumuz yarışı ikinci yerdə bitirib.

Beləliklə, iyunun 23-də start götürmüş və 10 gün davam edən Avropa Oyunlarını boks üzrə Azərbaycan millisi 1 gümüş və 1 bürünc medalla başa vurub. Abdullayevdən öncə Murad Allahverdiyev (80 kq) 3-cü yeri tutmuşdu. Hər iki boksçu həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da qazanıb.

Xatırladaq ki, bu gün başa çatacaq Avropa Oyunlarında 42 ölkədən 325 boksçu 13 çəki dərəcəsində qalibləri müəyyənləşdirib.

Abdullayev bu Avropa Oyunlarında Azərbaycana 11-ci medalı qazandırmış olub. Beləliklə, Azərbaycan Avropa Oyunlarını ümumilikdə 11 medalla başa vurub. İdmançılarımız 3 qızıl, 2 gümüş, 6 bürünc medal əldə ediblər. Hazırda ölkəmiz 11 medalla 23-cü sırada qərarlaşıb.

Yeri gəlmişkən, 3-cü Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarı da bəlli olub. Bu vəzifəni Avropa Oyunlarının gümüş medalçısı, Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı Məhəmməd Abdullayev yerinə yetirəcək.

Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarı kamandan oxatma növü üzrə yarışan Yaylagül Ramazanova və qılıncoynadan Barat Quliyev olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: