Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşanın Krakov şəhərində təşkil olunmuş 3-cü Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.
Arena.az xəbər verir ki, +92 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı 1/4 finalda Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gəlib.
Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Məhəmməd Abdullayev yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Ondan öncə Murad Allahverdiyev (80 kq) də 1/4 final döyüşünü qələbə ilə bitirmiş və medalı təmin etmişdi.
Təəssüf ki, onların bu uğurunu digər boksçumuz Sərxan Əliyev davam etdirə bilməyib. 71 kq-da yarışan idmançımız 1/4 finalda Makan-Vie Traore (Fransa) ilə qarşılaşıb. Döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Fransalı boksçu 3:2 (28:29, 30:27, 30:27, 29:28, 27:30) hesabı ilə qalib gəldiyindən Sərxan yarışda çıxışını bitirib.
Bu mərhələyə vəsiqə qazanmış yeganə xanım boksçumuz – Məhsəti Həmzəyeva-Ağamalıyeva da mübarizəni dayandırıb. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Fransa təmsilçisi Amina Zidaniyə məğlub olaraq, yarımfinala adlaya bilməyib. O, hər üç raundda rəqibinə yenilərək, 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olub.
Xatırladaq ki, Avropa Oyunlarında boks üzrə yarımfinal döyüşləri iyunun 30-da olacaq.


