Azərbaycan boksçusu Məhəmməd Abdullayev Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) mübarizəyə qoşulub.
Arena.az xəbər verir ki, +92 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü bu gün ilk döyüşünə çıxıb.
Azərbaycanın cari Olimpiya Oyunlarının açılış mərasimindəki bayraqdarı olan Məhəmməd Abdullayev 1/8 finalda Nelvi Tiafak (Almaniya) ilə qarşılaşıb. Rəqibinə 0:5 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə uduzan Abdullayev Olimpiadada çıxışını erkən başa vurub.
Xatırladaq ki, boks yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb. Alfonso Dominqes artıq 1/4 finala adlayıb, digər üç boksçumuz isə ilk döyüşünü gözləyir.
Azərbaycan millisi Fransaya bütövlükdə 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


