Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşanın Krakov şəhərində keçirilən 3-cü Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.
Arena.az xəbər verir ki, +92 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı finala gedən yolda Nelvi Ram Tiafakla (Almaniya) qüvvəsini sınayıb.
Görüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə məğlub edərək, çempionluq şansını davam etdirib.
O, finala çıxmaqla Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı da rəsmiləşdirib. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ikinci vəsiqəsi olub. Ondan öncə Murad Allahverdiyev (80 kq) bu uğura yiyələnmişdi.
Qeyd edək ki, Murad Allahverdiyev Avropa Oyunlarının bürünc medalını da qazanıb. Məhəmməd Abdullayev isə iyulun 2-də baş tutacaq final görüşündə Böyük Britaniyanı təmsil edən Ori Delişeslə qarşılaşacaq.


