Mahir Emreli “Astana”ya qol vurdu, “Dinamo” ÇL-də mərhələ adladı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə növbəti matçını keçirib.

Qitənin ən nüfuzlu klub turnirinə birbaşa 2-ci təsnifat mərhələsindən başlayan zaqreblilər Qazaxıstanın “Astana” kollektivi ilə cavab matçında üz-üzə gəliblər.

Zaqrebdə baş tutan oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatmışdı. Səfərdəki oyun da Xorvatiya nəhənginin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Mahir bu oyunda meydana start heyətdə daxil olub. O, 24-cü dəqiqədə fərqlənməklə komandasının ilk qolunu vurub. Emreli 78-ci dəqiqədə Yosip Drmiçlə əvəzlənib.

“Dinamo” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Yunanıstanın AEK komandası ilə üz-üzə gələcək. Futbolçumuzun komandası bu rəqibə qarşı ilk oyununu avqustun 8-də səfərdə, cavab görüşünü isə ayın 15-də evdə keçirəcək.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 26 matça çıxıb və 7 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: