Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun yarımfinalında Azərbaycan şahmatçısı Nicat Abbasovun rəqibi Maqnus Karlsen olacaq.
Arena.az xəbər verir ki, karyerasında ilk dəfə turnirin yarımfinalına vəsiqə qazanan azərbaycanlı qrosmeysteri dünya reytinqinin lideri ilə çox çətin sınaq gözləyir.
Qeyd edək ki, bu gün Dünya Kubokunda yarımfinalçılar müəyyənləşib. Nicat Abbasov ilk turda heç-heçəyə razılaşdığı Hindistan şahmatçısı Vidit Santoşa qalib gəlibsə, Maqnus Karlsen Hindistanın digər təmsilçisi Dommaraju Qukeşlə heç-heçəyə razılaşıb. Bir gün öncə qələbə qazanmış norveçli şahmatçı yarımfinala vəsiqə qazanıb və Nicata rəqib olub.
Karlsen Qukeşlə cavab görüşündən sonra turnirin rəsmi saytına açıqlama verib. Beşqat dünya çempionu əvvəlcə 1/4 final görüşü barədə fikirlərini bildirib: “Bu gün fərqli oyun oldu. Debütdən aşkar irəliləyiş görmədim. Sonra oyunun ortalarında kiçik üstünlük hiss olunurdu. Yekunda heç-heçəyə razılaşdıq. İlk görüşdə qalib gəlmişdim. Ümumi nəticə yarımfinalda iştirakımı dəqiqləşdirdi”.
Ulduz şahmatçı yarımfinaldakı rəqibi azərbaycanlı şahmatçı Nicat Abasovla bağlı verilən suala qısa cavab verib: “Nicat güclü şahmatçıdır. Dünya Kubokunda göstərdiyi oyun bu sözləri deməyə imkan verir. Bizi maraqlı mübarizə gözləyir”.
Sonda Maqnus növbəti dəfə Azərbaycan paytaxtında olmaqdan məmnun olduğunu söyləyib və Dünya Kubokunun yüksək təşkilatçılığını qeyd edib: “Yenidən Bakıda olmaq xoşdur. Təşkilatçılıq yaxşıdır. Buradan yaxşı təəssüratlarla ayrılacağam”.
Xatırladaq ki, yarımfinal görüşlərin avqustun 19-da start veriləcək.
Bakıdakı Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq. Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.
Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.


