Slovakiya millisinin sabiq yarımmüdafiəçisi, hazırda Türkiyənin “Trabzonspor” klubunda çıxış edən Marek Hamşik karyerasını bitirir.
Arena.az xəbər verir ki, gələn ay 36 yaşı tamam olacaq futbolçu cari mövsümün sonunda peşəkar karyerasını başa vuracağını açıqlayıb.
Slovakiyalı ulduz bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Bu mövsümün sonunda karyeramı bitirəcəyəm. “Trabzonspor”, formasını geyindiyim son klubdur. Bu, möhtəşəm 19 il oldu. Klub səviyyəsində 700-dən çox, Slovakiya millisində 140 matç, çox sayda qollar… Uşaq vaxtı belə uğurlu karyeranı yalnız arzulaya bilərdim. Arzumu həyata keçirdim. Futbol mənim sevgim, ehtirasım, işim oldu. Bütün gücümlə çalışdım. Şərəfini qoruduğum bütün klublara təşəkkür edirəm”.
Xatırladaq ki, Hamşik 2021-ci ilin iyul ayından “Trabzonspor”un formasını geyinir. O, Super Liqa təmsilçisində bütövlükdə 64 oyuna çıxıb, 5 qol və bir o qədər də məhsuldar ötürmə ilə yadda qalıb. yarımmüdafiəçi 2021/2022 mövsümündə “Trabzonspor”la Türkiyə Super Liqasının qalibi olub.
Hamşik peşəkar karyerası ərzində “Breşiya” (74 oyun, 12 qol), “Dalyan” (45 oyun, 5 qol, 4 assist), “Göteborq”da (6 oyun, 1 qol) da çıxış edib. O, karyerasının ən parlaq dönəmini isə 2007-2019-cu illər aralığında İtaliyanın “Napoli” klubunda keçirib. Hamşik bu 12 il ərzində Neapol təmsilçisində 520 oyun keçirib, 121 qol və 103 məhsuldar ötürmə müəllifi olub.
Hamşik 2007-2022-ci illər aralığında Slovakiya millisində də oynayıb. O, yığmada 136 oyuna çıxıb, 26 qola imza atıb.