Marek Hamşik milli karyerasını başa vurdu

Futbol üzrə Slovakiya yığmasının kapitanı Marek Hamşik milli karyerasını başa vurub. Arena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında məlumat verib.

Hazırda Türkiyənin “Trabzonspor” klubunun formasını geyinən futbolçu bundan sonra yığmada oynamayacağını söyləyib. Ulduz futbolçu qərar verməyin onun üçün asan olmadığını vuğrulayıb:

“Uzun müddət düşündükdən sonra 15 illik milli karyeramı bitirməyin doğru olduğu qənaətinə gəldim. Yığmanı 50-dən çox oyuna kapitan kimi çıxardım, dünya və Avropa çempionatına qatıldım. Bu illər ərzində birgə çalışdığım məşqçilərə və komanda yoldaşlarıma minnətradlığımı bildirirəm”.

Marek Hamşik 2007-ci ilin fevralında debüt etdiyi millidə 135 oyun keçirib və 26 qola imza atıb. O, hər iki göstəricidə Slovakiya yığmasının rekordçusudur.

Hamşik peşəkar karyerasına 2002-ci ildə Bratislava “Slovan”ında başlayıb. 2004-cü ildə o, İtaliyanın “Breşiya” klubuna transfer olunub. Məhz bu komandadakı çıxışı sayəsində 2007-ci ildə “Napoli”nin sıralarına cəlb olunub. Slovakiyalı ulduz futbolçu 2019-cu ilə qədər məhz Neapol təmsilçisində forma geyinib. 2019-2021-ci illər aralığında Çinin “Dalyan Professional” komandasında çıxış edən Hamşik, 2021-ci ildə qısa müddət İsveçin “Göteborq” klubunda forma geyinib. 2021-ci ildən isə o, “Trabzonspor”un uğurları üçün çalışır.

Marek 2011/12 və 2013/14 mövsümlərində “Napoli” ilə İtaliya kubokunun qalibi olub. O, bu klubla 2014-cü ildə İtaliya Super Kubokunun da qalibi adını qazanıb. Bu mövsüm isə slovakiyalı futbolçu “Trabzonspor”la Türkiyə çempionu olub.

Slovakiya yığmasının sabiq kapitanı 2009, 2010, 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə ölkəsinin ən yaxşı futbolçusu seçilib.

Sonda onu da bildirək ki, Slovakiya yığması UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: