Futbol üzrə İspaniya milli komandasının sabiq müdafiəçisi Mark Bartra Türkiyənin “Trabzonspor” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı ispanla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona 1 milyon avro təzminat ödəniləcəyi diqqətə çatdırılıb. Klub bu məbləği 8 dəfəyə – hissə-hissə ödəyəcəyini açıqlayıb.
Xatırladaq ki, “Trabzonspor” Mark Bartranı ötən mövsümün əvvəlində İspaniyanın “Betis” klubundan 1,25 milyon avro qarşılığında transfer etmişdi. Həmin vaxt futbolçu ilə də 3 illik müqavilə imzalanmışdı. Bartra Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 40 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mark Bartra “Barselona”nın yetirməsidir. O, 2010-2016-cı illər aralığında bu klubun əsas komandasında çıxış edib. 2016-cı ildə isə müdafiəçi Almaniyanın “Borussiya” (Dortmund) klubuna keçib. Almaniyada cəmi 2 mövsüm keçirən futbolçu 2018-ci ilin yanvarından “Betis”də çıxış edirdi. O, bu komandanın heyətində 5 mövsüm ərzində 146 matça çıxıb, 7 qol vurub. Mərkəz müdafiəçisi İspaniya millisində də 14 oyun keçirib, 1 qola imza atıb.


