Almaniyalı futbol mütəxəssisi Markus Gisdol Türkiyə Super Liqasında mübarizə aparan “Samsunspor”un baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
54 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna (2024-cü ilin 30 iyununa) qədər müqavilə imzalanıb. Alman məşqçi bu postda bir neçə gün öncə istefaya göndərilmiş Hüseyn Eroğlunu əvəz edib.
Xatırladaq ki, Markus Gisdol ilyarımdır işsiz idi. O, Almaniyada “Hoffenhaym”, “Hamburq”, “Köln” kimi komandalarda baş məşqçi olub. Son olaraq Moksva “Lokomotiv”ində 5 ay işləmiş Gisdol, “Şalke”də köməkçi-məşqçi kimi də fəaliyyət göstərib.
Mövsümə heç-heçə ilə başlamış “Samsunspor” sonrakı 6 oyunun hamısından məğlubiyyətlə ayrılıb. Komanda 7 oyuna topladığı 1 xalla 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Hüseyn Eroğlu 2022-ci ilin sentyabr ayından “Samsunspor”a rəhbərlik edirdi. Samsun klubu məhz onun rəhbərliyi altında uzun fasilədən sonra Super Liqaya yüksəlmişdi. Bu komanda Eroğlunun rəhbərliyi altında bütövlükdə 36 oyun keçirib, 21 qələbə qazanıb, 7 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. 50 yaşlı mütəxəssis daha öncə “Altınordu” komandasına da rəhbərlik edib.


