Martin Edeqor: “Real” dünya nəhəngidir, orada təzyiqi hiss edirdim”

London “Arsenal”ının və Norveç yığmasının yarımmüdafiəçisi Martin Edeqor “Real”dan niyə ayrıldığını açıqlayıb.

Arena.az Edeqorun bu barədə fikirlərini təqdim edir:

“Real”da dünyanın ən yaxşı oyunçuları ilə məşq etdim. Bundan həzz alırdım, amma böyümək üçün davamlı oynamaq lazım idi.
Düşünürəm ki, bu fürsət mənim üçün çox tez gəldi. Bu, böyük təcrübə idi. “Real” böyüməyimə kömək etdi. Hər halda, o zaman verilən qərardan razıyam.

“Real” dünyanın ən nəhəng klubudur. Mən həmişə təzyiq hiss edirdim. Baxmayaraq ki, bu, Devid Bekhem, Kristiano Ronaldo və digər ulduz oyunçuların dövründəki kimi deyildi”.

Xatırladaq ki, Martin Edeqor 6 il (2015-ci ildən 2021-ci ilə qədər) Madrid klubunun sistemində olub. O, “Arsenal”a 2021-ci ilin yanvarında qoşulub. Əvvəlcə, “topçular” gənc Martini “Real”dan icarəyə götürüblər, sonra isə norveçli yarımmüdafiəçi ilə tamhüquqlu müqavilə imzalayıblar. Onun bu klubla 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Edeqor “topçular”ın heyətində ümumilikdə 117 oyun keçirib, 28 qol vurub, 16 məhsuldar ötürmə verib. Cari mövsümdə Martin 12 oyunda 4 qol vurub, 1 assist edib.

Edeqorun erkən yeniyetməlik dövrü “Drammen Stronq” və “Strömsqodset” klublarında keçib. 2015-ci ildə “Real”a keçmiş Edeqor gənc yaşına rəğmən gələcək vəd edib. “Kral klubu”ndakı güclü rəqabət Edeqoru kirayələrdə dolaşmağa məcbur edib, norveçli futbolçu “Herenven”, “Vitess”, “Real Sosyedad”ın uğurları üçün çalışıb və püxtələşərək sonda “Arsenal”ın hədəfinə düşüb.

Edeqor karyerası ərzində iki kubok qazanıb. Martin “Real Sosyedad”la İspaniya Kral Kubokunu (2019/2020) və “Arsenal”la İngiltərə Super Kubokunu (2023) qazanıb. Gənc Martinin həmçinin çoxlu fərdi mükafatları var.

Edeqor hazırda kapitanı olduğu Norveç yığmasının heyətində 2014-cü ilin avqustunda – 15 yaş 253 günlüyündə debüt edib və nəticə ilə Norveç yığmasının rekordçusudur. Martin bu müddətdə yığmada 54 oyun keçirib, 3 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Martin Edeqoru 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: