2023-cü il dekabrın 30-da İtaliya A Seriyasının 18-ci turunda “Yuventus” “Roma”nı qəbul edib və minimal hesabla qələbə qazanıb – 1:0.
Arena.az “Sportface” dərgisinə istinadən məluamat verir ki, bu hesab “qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri üçün A Seriyasında müvafiq hesabla 76-cı qələbədir ki, bu da hazırda turnirin rekordudur.
Massimiliano Alleqri “Yuventus”dan əvvəl “Kalyari”ni (2008-2010) və “Milan”ı (2010-2014) çalışdırıb.
Vurğulayaq ki, “byankoneri” ardıcıl 13 oyundur uduzmur.
“Yuventus” sonuncu dəfə sentyabrın 23-də rəsmi oyunda məğlub olub. Bu, İtaliya A Seriyasında “Sassuolo” ilə oyuna təsadüf edir – 2:4.
Turinlilər bütün turnirlərdə keçirdiyi növbəti 12 oyunda “Leççe” (1:0), “Torino” (2:0), “Milan” (1:0), “Verona” (1:0), “Fiorentina” (1:0), “Kalyari” (2:1), “Montsa” (2:1), “Napoli” (1:0) və “Frozinone” (2:1) üzərində qələbə qazanıblar. Massimiliano Alleqrinin yetirmələri “Atalanta” (0:0), “İnter” (1:1) və “Cenoa” (1:1) ilə oyunlardan sülhlə ayrılıblar.
Hazırda “Yuventus” A Seriyasının turnir cədvəlində 43 xalla 2-ci pillədə qərarlaşıb və 45 xalla zirvədə mövqe tutmuş “İnter”i daban-daban təqib edir.


