Fransa çempionu PSJ-nin fransalı hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Kilian Mbappe səfərdə “Real Sosyedad”a (İspaniya) 2:1 hesabıyla qalib gəldikləri oyunda dubla imza atmalaqla buna nail olub.
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına Manuel Akanci (“Mançester Siti”), Villi Orban (“Leypsiq”) və Harri Keyn (“Bayern”) da namizəd idilər.
Avropa Liqasında və Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçuları bəlli olub.
Avroliqada həftənin oyunçusu adına Fransanın “Olimpik” (Marsel) klubunun hücumçusu Pyer-Emerik Obameyanq layiq görülüb. Qabonlu forvard doğma meydanda İspaniyanın “Vilyarreal” komandasını 4:0 hesabıyla məğlub etdikləri matçda dubla müəllifi olub.
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Olavio Juninyo da namizəd idi. Amma o, eləcə də “Roma”nın italiyalı yarımmüdafiəçisi Stefan Əl-Şaaravi və “Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyes Obameyanqla “mübarizə”dən məğlub ayrılıblar.
Avropa Konfrans Liqasında isə həftənin ən yaxşısı Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Bruno Petkoviç seçilib. Azərbaycanlı futbolçu Mahir Emrelinin komanda yoldaşı buna Yunanıstan PAOK-u ilə ev oyununda dubla imza atmaqla nail olub.
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına digər namizədlər bunlar idilər: Conatan David (“Lill”), Yorrel Hato (“Ayaks) və Eran Zahavi (“Makkabi”, Təl-Əviv).
Xatırladaq ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşiblər.


