Mudrik və Adarabioyo “Çelsi”ni “Tottenhem”ə dəyişdilər

Futbol üzrə Ukrayna millisinin cinah hücumçusu Mixaylo Mudrik “Çelsi”dən ayrılaraq İngiltərənin digər klubu “Tottenhem”ə keçib.

Arena.az xəbər verir ki, London klubu 25 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb.

Tərəflər arasındakı müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərtlər də mövcuddur. Belə ki, sözləşmədə 75 milyon funt-sterlinq qarşılığında satınalma şərti nəzərdə tutulub.

Mudrik iyulun 31-də İngiltərə Futbol Assosiasiyasının (FA) qərarı ilə diskvalifikasiyadan azad edilib. Futbolçu dopinqdən istifadə etdiyini etiraf edib və Ümumdünya Antidopinq Agentliyinin razılığı ilə aparılan intizam araşdırması başa çatdırılıb. Mudrik razılaşmanın əldə edildiyi tarixədək çəkdiyi cəzaya bərabər müddətdə diskvalifikasiya ilə razılaşıb.

Xatırladaq ki, “Çelsi” 2024-cü ilin dekabrında Mudrikin dopinq testindən keçə bilmədiyini təsdiqləmişdi. Daha sonra FA ukraynalı futbolçunu yarışlardan kənarlaşdırmışdı. 2026-cı ilin aprelində isə FA-nın Mudriki 4 il müddətinə diskvalifikasiya etdiyi və işin İdman Arbitraj Məhkəməsinə (CAS) göndərildiyi məlum olmuşdu.

Mudrik 2024/2025-ci illər mövsümündə müxtəlif turnirlərdə 15 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. O, ümumilikdə “Çelsi”nin heyətində 73 matçda 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Mixaylo Mudrik Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukraynalı cinah hücumçusu karyerası ərzində Kiyev “Arsenal”ı və “Desna”da icarə əsasında oynayıb, 2023-cü ilin yanvarında isə 70 milyon avro məbləğ müqabilində “Şaxtyor”dan “Çelsi”yə keçib.

Mudrikin transferi Ukrayna futbolu tarixində ən bahalı keçid olub. Əvvəlki rekord “Şaxtyor”dan “Mançester Yunayted”ə 2018-ci ildə 59 milyon avroya keçən braziliyalı Fredə məxsus idi.

Mudirikin qənimətlər muzeyində “Şaxtyor”la qazandığı Ukrayna çempionluğu və Ukrayna Kuboku var. 2022-ci ildə isə Mudrik Ukraynada ilin futbolçusu seçilib.

Mixaylo Mudrik 2022-ci ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 28 oyuna 3 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.

“Tottenhem” Adarabioyo üçün 11,65 milyon avro ödədi

“Tottenhem” “Çelsi”nin müdafiəçisi Tosin Adarabioyonu da heyətinə qatıb. 28 yaşlı ingiltərəli müdafiəçi ilə tamhüquqlu əsasda uzunmüddətli müqavilə imzalanıb. London təmsilçisi bu keçid üçün 11,65 milyon avro təzminat ödəyib.

Adarabioyo 2024-cü ildən şərəfini qoruduğu “Çelsi”nin heyətində keçirdiyi 77 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib. “Mançester Siti”nin yetirməsi olan 28 yaşlı futbolçu “Vest Bromviç”, “Bləkbörn”, “Fulhem” kimi klubların da formasını geyinib. O, İngiltərənin U-16, U-17, U-18 və U-19 yığmalarında da oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: