Murad Allahverdiyev Avropa Oyunlarında 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən 3-cü Avropa Oyunlarına bu gün ikinci döyüşünü keçirib.

Arena.az xəbər verir ki, ilk görüşündə Kevin Şumannı (Almaniya) mübarizədən kənarlaşdırmış idmançımız 1/8 finalda Nikita Niystedi (Finlandiya) sınağa çəkib.

Qarşılaşma Allahverdiyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.

Murad Allahverdiyev 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.

Bu gün rinqə çıxan Azərbaycanın digər iki boksçusu uğursuzluqla üzləşib. Əvvəlcə Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva mübarizəyə start verib. 66 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 finalda Belçika təmsilçisi Oşin Deriyuvla üz-üzə gəlib. Allahverdiyeva rəqibinə 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Məsud Yusifzadə də Avropa Oyunlarında ilk görüşünü keçirib. 51 kq çəkidə qüvvəsini sınayan yığmamızın üzvü 1/8 finalda Atilla Bernatla (Macarıstan) qarşılaşıb. Yusifzadə 0:5 (26:30, 28:29, 27:30, 26:30, 26:30) hesabı ilə məğlub olub və yarışla vidalaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: