Premyer Liqada “Ayın qolu” layihəsi çərçivəsində noyabr ayının ən yaxşı qolunun müəllifi olan Murad Məmmədov mükafatlandırılıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, mükafatları Azərbaycan Premyer Liqasının 17-ci turunun “Neftçi” – “Kəpəz” görüşündən əvvəl PFL-in Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.
Xatırladaq ki, PFL-in rəsmi “Facebook” hesabında paylaşılan 5 qol arasında “Neftçi”nin üzvü Murad Məmmədovun noyabrın 11-də 13-cü tur çərçivəsində “Şamaxı”ya vurduğu qol münsiflər heyəti tərəfindən ən yaxşı seçilib. 11 münsifdən 9-u “Neftçi”nin yetirməsinin möhtəşəm qoluna səs verib. “Neftçi” doğma meydanda baş tutan bu oyunda 2:2 hesablı heç-heçə ilə kifayətlənib. Murad start heyətdə meydana çıxdığı bu matçın 5-ci dəqiqəsində fərqlənib. O, 90-cı dəqiqədə əvəzlənib.
Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümündə “Ayın qolu” layihəsinin ilk qalibi “Sumqayıt”ın futbolçusu Kamran Quliyev olub. Onun Premyer Liqanın 3-cü turu çərçivəsində “Səbail”ə 2:1 hesabıyla qalib gəldikləri oyunda vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı (avqust) seçilib. Sentyabr ayında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Bernardo Dias (Benni) ən yaxşı seçilib. O, Premyer Liqanın 6-cı turunda “Kəpəz”ə vurduğu qol sayəsində mükafata layiq görülüb. Oktyabr ayında da “Səbail”in futbolçusu Samir Abdullayev mükafatçı olub. Hücumçu 10-cu tur çərçivəsində “Neftçi”yə vurduğu qol sayəsində birinci yeri tutub.
Murad Məmmədov “Neftçi”nin öz yetirməsidir. 18 yaşlı futbolçu paytaxt klubunun əsas komandasında 7 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.


