Muradov “Şamaxı”nı “Səbail”ə dəyişdi

Bir müddət öncə gözlənilməz şəkildə “Şamaxı”dan kənarlaşdırılmış yarımmüdafiəçi İlkin Muradov özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, “Şamaxı”dan azad agent kimi ayrılmış İlkin Muradovla 1,5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Səbail” İlkin üçün yad komanda deyil. Belə ki, Muradov 2022/2023-cü illər mövsümündə də “dənizçilər”in uğurları üçün çalışıb. O, həmin vaxt bu komandada 13 oyunda meydana çıxıb.

Xatırladaq ki, 28 yaşlı futbolçu yayda “Zirə”dən azad agent kimi ayrılaraq “Şamaxı”ya keçmişdi. Amma ötən ay baş məşqçi Ayxan Abbasovla arasında problem yaranan futbolçu qarşılıqlı razılıq əsasında əyalət klubundan ayrılmışdı.

İlkin Muradov “Zirə”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi paytaxt klubunun heyətində 156 oyuna çıxıb. O, bu oyunlarda 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Muradovun “Şamaxı” karyerası isə cəmi 12 oyun və 1 məhsuldar ötürmədən ibarətdir.

Muradov Azərbaycanın U-21 yığmasında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: