“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Ağdam klubunda 20-ci qolunu vurub. Arena.az xəbər verir ki, 20 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının 12-ci turunda buna nail olub.
“Şamaxı” ilə səfər görüşündə (4:0) dubl edən forvard Ağdam klubundakı qol sayında 20-yə çatıb.
Musa Qurbanlı bunu 40-cı matçında rəsmiləşdirib. O, Premyer Liqada 19, ölkə kubokunda 1 dəfə rəqib qapısına yol tapıb.
Qurbanlı ölkə çempionatlarında da 20-ci qoluna sevinib. O, bir dəfə “Zirə”də, 19 dəfə “Qarabağ”da fərqlənib. Hücumçu 38-ci oyunda buna çatıb.
Qeyd edək ki, Musanın həm Premyer Liqa, həm “Qarabağ”dakı ilk qolu 2020-ci il noyabrın 8-də baş tutan “Neftçi” ilə səfər qarşılaşmasına (6:0) təsadüf edib.
Yeri gəlmişkən, “Qarabağ” da Azərbaycan Premyer Liqasında ardıcıl 10-cu səfər qələbəsini qazanıb. Qurban Qurbanovun yetirmələri 12-ci turda “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edib.
Cari mövsümdə xal itirməyən Ağdam klubu rəqib meydanında 5 oyun keçirib. Şamaxıdakı matçadək “Qarabağ” səfərdə “Sumqayıt”ı 2:0, “Kəpəz”i 1:0, “Zirə”ni 7:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.
Qurbanovun yetirmələri ötən çempionatın son beş səfərində də xal itkisi ilə üzləşməyib. Fevralın 28-də “Keşlə” (indiki “Şamaxı”) ilə qolsuz heç-heçə edən ağdamlılar ardınca “Sabah”ı 1:0, “Zirə” və “Sumqayıt”ı eyni – 3:0, “Qəbələ”ni 2:0, “Səbail”i 3:0 hesabı ilə yenib.
Qeyd edək ki, bu, “Qarabağ”ın tarixində ən uğurlu səfər seriyasıdır.