Musa Qurbanlı və Ramil Şeydayev – Ən məhsuldar cütlük

“Qarabağ”ın hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayev bu mövsüm Azərbaycan Premyer Liqasında 35 qola imza atıblar. Arena.az xəbər verir ki, bununla da sözügedən hücumçular Premyer Liqada yeni rekord müəyyənləşdiriblər.

Bu, Premyer Liqanın 26-cı turu çərçivəsində baş tutan “Səbail”lə ev oyununda baş verib. Belə ki, Ağdam klubunun 3:0 hesablı qələbəsinə bir topla töhfə verən Musa Qurbanlı 18-ci dəfə fərqlənib. Ramil Şeydayev isə bu mövsüm 17 qola imza atıb.

Bu, 2008-ci ildən Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən Premyer Liqada yeni rekorddur. Buna qədər həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin üzvləri 2012/13 mövsümündə birlikdə 34 qola sevinmişdilər. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapmışdılar.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün başa çatmasına hələ 10 tur var. Bu isə o deməkdir ki, Şeydayevlə Qurbanlının bu rekordu daha da əlçatmaz etməsi üçün kifayət qədər yaxşı imkan var.

Xəbəri sosial şəbəkələrdə paylaş: