Uzun illərdir “Qəbələ” İdman Klubunda çalışan, son olaraq baş menecer kimi fəaliyyət göstərən Nail Kərimov əyalət təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən klubda çalışırdı. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
Onun akademiyada çalışdığı dövrdə “Qəbələ”nin aşağı yaş qrupu üzrə komandalar dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb. Nail Kərimov baş menecer kimi klubla Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb.
“Qəbələ” İdman Klubu öz istəyilə klubdan ayrılan Nail Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.


