“Neftçi” bu gecə gedir: Baş məşqçisiz 23 futbolçu ilə

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub.

Arena.az xəbər verir ki, paytaxt komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gecə saat 12-də çarter reysi ilə Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşəcək.

“Ağ-qaralar” səfərə məşqçilər – Vadar Nuriyev, İqor Getman və qapıçılar üzrə məşqçi Yusif Hüseynovun rəhbərliyi altında 23 futbolçu ilə gedəcək:

Qapıçılar: İvan Brkiç, Aqil Məmmədov, Rza Cəfərov;

Müdafiəçilər: Höccət Haqverdi, Solomon Kvirkveliya, Azər Əliyev, Azər Salahlı, Ömər Buludov, Elton Əlibəyli, Samir Həsənov, Rüfət Abbasov, Hüseyn Babayev;

Yarımmüdafiəçilər: Kenni Sayef, Eddi İsrafilov, Rəhman Hacıyev, İsmayıl Zülfüqarlı, Kilan Lebon, Ataa Caber, Fərid Yusifli, Ömər Qurbanov;

Hücumçular: Mateus Saldanya, Yeqor Boqomolski, Ağadadaş Salyanski.

Flaqman iyulun 1-dən 15-nə qədər Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək. “Neftçi” turnir çərçivəsində iyulun 1-də Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit” komandası ilə qarşılaşacaq. Ayın 8-də (saat 20:30) Serbiyanın “Srvena Zvezda” klubu ilə görüş baş tutacaq. Ayın 15-də (saat 15:00) isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşma nəzərdə tutulub. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş isə “Smena” stadionunda olacaq.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Xatırladaq ki, bir neçə gün öncə baş məşqçisi Laurentsiu Regekampfı istefaya göndərən paytaxt klubunda yeni baş məşqçinin kim olacağı hələ də bəlli deyil. Paytaxt klubunun bu posta türkiyəli Sərgən Yalçını gətirəcəyi gözlənilsə də, tərəflər arasındakı danışıqlar uğursuz yekunlaşıb. Hazırda klub rəhbərliyi digər variantlar üzərində çalışır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: