“Neftçi”nin prezidenti Kamran Quliyev veteran futbolçu, komandanın sabiq məşqçisi Nazim Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, Nazim Əliyev 1988, 1994-1996-cı illər ərzində “Neftçi”nin heyətində 49 oyun keçirib, 48 qol vurub. Sabiq hücumçu 1995-ci ildə “Neftçi” ilə Azərbaycan Kubokunu və Super Kubokunu qazanıb. Veteran futbolçu həmin mövsümdə 26 qolla ölkə çempionatının ən yaxşı bombardiri də olub. O, 183 qolla Azərbaycan çempionatlarında ən çox qol vurmuş futbolçudur.


