“Neftçi” futbol üzrə Azərbaycan Kubokunda yeni rekorda imza atıb. Arena.az xəbər verir ki, Bakı klubu 19-cu dəfə yarımfinalda oynamaq hüququ qazanıb.
“Ağ-qaralar” buna 1/4 finalda “Zirə”ni mübarizədən kənarlaşdırmaqla nail olub – 0:1, 3:1. “Neftçi” yarımfinal sayında “Qarabağ”ı keçib. Ağdamlılar 18 dəfə bu mərhələdə iştirak edib.
“Neftçi” Azərbaycan Kubokunda 50-ci ev qələbəsini qazanıb. Bu, 1/4 finalın cavab oyununa təsadüf edib. “Ağ-qaralar” “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib. “Neftçi” buna turnirdə öz meydanında keçirdiyi 80-ci matçda nail olub. Bakılılar ölkə kuboku tarixində evdə 50 və daha çox qələbə qazanan ikinci komandadır. Yalnız “Qarabağ” daha çox – 58 uğura sevinib.
Xatırladaq ki, “Neftçi” ölkə kubokunda bütün mövsümlərdə iştirak edən yeganə komandadır. “Ağ-qaralar”ın ilk ev qələbəsi 1993-cü ildə qeydə alınıb. “Ağ-qaralar” 1/32 finalda OİK-ə qalib gəlib – 6:0.
Azərbaycan Kubokunda 2022/23 mövsümü iki komandanın ilk dəfə yarımfinala yüksəlməsi ilə əlamətdar olub. “Səbail” və “Turan Tovuz” ilk dəfə 1/4 final səddini adlayıb. Bakılılar yarımfinala yüksələn 30-cu, qərblilər isə 31-ci komandadır. Bununla da 1/4 final səddini ilk dəfə adlayanların sayında son 18 ilin rekordu qeydə alınıb. İlk dəfə yarımfinal oynayacaq komandaların sayının birdən artıq olması sonuncu dəfə 2004/05 mövsümündə qeydə alınıb. Həmin vaxt üç komanda – “Xəzər Lənkəran”, “MKT-Araz” və “İnter” tarixdə ilk dəfə kubokun yarımfinalında oynayıb. Bu mərhələ təcrübəsinə malik yeganə klub “Bakı” olub ki, sonda yarışın qalibi adını da onlar qazanıb.
“Kəpəz”in yubiley heç-heçəsi
“Kəpəz” isə Azərbaycan Kubokunda 10-cu səfər heç-heçəsinə imza atıb. Gəncə təmsilçisi 1/4 finalın cavab oyununda “Turan Tovuz”la sülhə imza atıb – 2:2. Bu, komandanın rəqib meydanındakı 51-ci matçına təsadüf edib.
“Kəpəz” kubokun tarixində səfərdə 10 və daha çox heç-heçə edən 5-ci komandadır. “Neftçi” (19), “Qarabağ” (18), “Şamaxı” (12) və “Bakı” (11) daha çox sülhə nail olub.
Qeyd edək ki, “Kəpəz”in rəqib meydanındakı ilk heç-heçəsi 1993-cü il mövsümünün 1/32 finalında gerçəkləşib. “Nicat”la Bakıdakı matçda məhsuldar sülh qeydə alınıb – 2:2.


