“Neftçi” Şeydayevlə Ohorini əvəzedici komandaya göndərdi

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə uğursuz start vermiş “Neftçi” iki futbolçusunu əvəzedici komandaya göndərib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.

Xatırladaq ki, “Neftçi” yeni mövsümün açılış turunda doğma meydanda “Şamaxı” ilə qarşılaşıb. “Ağ-qaralar” bu görüşdən 1:1 hesablı bərabərliklə ayrılıblar. Matçdan sonra Samir Abasov jurnalistlərə açıqlamasında komandanın üç futbolçusunun komandadan göndəriləcəyinə işarə vurmuşdu. O, Aleks Fernandesin də bu siyahıda olduğunu bildirmişdi. Lakin göründüyü kimi, rəsmi açıqlamada hələlik iki futbolçunun əsas komandadan kənarlaşdırıldığı vurğulanır. Sözügedən oyunçular transferə çıxarılıblar. Böyük ehtimalla onlara özlərinə yeni klub tapmaqları tapşırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: