Ötən gün “Neftçi”dən ayrılan Gürcüstan millisinin mərkəz müdafiəçisi Solomon Kvirkveliya özünə yeni klub tapıb.
Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Oxdud” klubuna keçib.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli müdafiəçi yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Solomon Kvirkveliya “Neftçi”yə 2022-ci ilin iyulunda transfer olunmuşdu. O, bu müddət ərzində 42 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb. Futbolçunun paytaxt klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında bitəcəkdi. Lakin məhz ərəblərdən aldığı daha sərfəli təklifə görə o, “ağ-qaralar”la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Kvirkveliya peşəkar karyerasına 2010-cu ildə Rusiyanın “Rubin” klubunda başlayıb. O, 2017-ci ilə qədər Kazan təmsilçisinin uğurları üçün çalışıb. Lakin gürcü futbolçu 2012 və 2013-cü illərdə “Nefteximik”ə, 2017-ci ildə isə Moskva “Lokomotiv”inə icarəyə verilib. Moskva klubu elə həmin il Kvirkveliyanın transfer hüquqlarını da alıb. Beləcə, futbolçu 2021-ci ilə qədər paytaxt təmsilçisinin uğurları üçün çalışıb. 2020/21 mövsümündə “Rotor”da icarədə oynayan futbolçu “Neftçi”dən əvvəlki son bir ildə Ukraynanın “Metallist 1925” və Gürcüstanın “Qaqra” (2022) klublarında çıxış edib.
Kvirkveliya Rusiya çempionatının (2018), kubokunun (2012, 2017, 2019) və Super Kubokunun (2019) qalibi olub. Gürcüstanın U-19 və U-21 yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 49 oyun keçirib. 2014 və 2017-ci illərdə Gürcüstanda ilin futbolçusu seçilib.


