Avropa Konfrans Liqasında mübarizə aparacaq “Neftçi” yarımmüdafiəçisi Sezar Meza Kolli ilə bağlı qərarını açıqlayıb.
Arena.az xəbər verir ki, paytaxt klubu paraqvaylı futbolçunu heyətdə saxlamaq istəməyib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, yarımmüdafiəçi ilə müddəti başa çatan müqavilə yenilənməyib. Klub 31 yaşlı paraqvaylı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Sezar Meza Kolli daha öncə Azərbaycanda “İnter” (indiki “Şamaxı”) və “Zirə”nin də formasını geyinib. O, “Çezena”, “Alaves”, “Paviya”, “Universitatya” (Krayova) kimi klubların da uğurları üçün çalışıb.
Daha öncə Sezar Meza Kollinin “Neftçi”dən ayrılacağını və karyerasını yenə ölkəmizdə davam etdirəcəyini xəbər vermişdik. Belə ki, onun “Qəbələ”yə keçməsi gözlənilir. Azərbaycan Kubokunun qalibi, Avropa Konfrans Liqasında mübarizə aparacaq bu komandanın məşqçiləri yaxından tanıdıqları bu oyunçunu Qəbələyə aparmaq istəyirlər.
Xatırladaq ki, “Neftçi” daha öncə yalnız qapıçısı İvan Brkiçlə yeni müqavilə imzalandığını açıqlamışdı.


