Xorvatiyalı futbol mütəxəssisi Nenad Belitsa Türkiyənin “Trabzonspor” komandasının baş məşqçisi postundan istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssislə müddəti 2024/25 mövsümünün sonunadək nəzərdə tutulmuş müqaviləyə xitam verilib. Belitsaya təzminat olaraq bu mövsümün sonuna qədər almalı olduğu məvacibin – 1,6 milyon avro ödəniləcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Nenad Belitsa “Trabzonspor”a bu ilin aprel ayında baş məşqçi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında cəmi 16 matça çıxıb və 8 qələbə qazanıb. Qalan 8 qarşılaşma isə məğlubiyyətlə bitib.
Bu mövsüm Türkiyə Super Liqasında 8 oyun keçirmiş “Trabzonspor” bu oyunlarda 4 qələbə qazanıb və 4 məğlubiyyətə üzülüb. Komanda hazırda 12 xalla 20 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Belitsa “Trabzonspor”a gələnə qədər Xorvatiyanın “Osiyek” komandasına rəhbərlik edirdi. O, daha öncə “Kernten”, “Lustenau”, “Volfsberger”, “Austriya” (Vyana), “Spetsiya”, “Lex” (Poznan) və “Dinamo” (Zaqreb) kimi komandaları da çalışdırıb.
Qeyd edək ki, “Trabzonspor”un baş məşqçi postunun yenidən Abdullah Avcıya tapşırılması gözlənilir.


