Nicat Abbasov Əlireza Firuzcaya da uduzdu

Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Arena.az xəbər verir ki, 11-ci turda azərbaycanlı qrossmeyster Fransa təmsilçisi Əlireza Firuzca ilə qarşılaşıb.

Nicat ilk dövrədə sülh bağladığı bu rəqibinə bu dəfə məğlub olub – 0:1.

11-ci turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

Rameşbabu Praqnanandha (Hindistan) – Hikaru Nakamura (ABŞ) 0:1
Santoş Qucrati Vidit (Hindistan) – Yan Nepomnyaşi (FİDE) 0:1
Dommaracu Qukeş (Hindistan) – Fabiano Karuana (ABŞ) 0,5:0,5

11 turdan sonra hesabında 3 xal olan Abbasov sonuncu pillədə qərarlaşıb. Digər şahmatçıların turnir cədvəlindəki mövqeyi belədir:

Yan Nepomnyaşi – 7. Hikaru Nakamura, Dommaracu Qukeş – 6,5. Fabiano Karuana – 6. Rameşbabu Praqnanandha – 5,5. Santoş Qucrati Vidit – 5. Əlireza Firuzca – 4,5. Nicat Abbasov – 3.

Xatırladaq ki, Nicat daha öncə Fabiano Karuana (ABŞ), Dommaracu Qukeş (Hindistan), Rameşbabu Praqnanandha (Hindistan) və Hikaru Nakamuraya da məğlub olmuşdu. Qələbəsi olmayan şahmatçımız Yan Nepomnyaşi (2 dəfə), Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ), Əlireza Firuzca (Fransa) və Santoş Viditlə (Hindistan) də heç-heçə etmişdi.

Abbasov növbəti görüşünü bu gün Hindistan təmsilçisi Dommaracu Qukeşə qarşı keçirəcək. Nicat bu dəfə ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.