Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunun 1/4 final mərhələsində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, bu gün turnirdə 1/4 finalın ilk görüşləri baş tutub.
Azərbaycan şahmatçısı Nicat Abbasov bu mərhələdə Hindistan təmsilçisi Vidit Santoşla mübarizə aparır. 28 yaşlı qrossmeyster bu rəqibinə qarşı ilk görüşündə qara fiqurlarla oynayıb. Qarşılaşma heç-heçə ilə başa çatıb – 0,5:0,5. Sabah ikinci görüş baş tutacaq. İkinci görüşdə də qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
Xatırladaq ki, Azərbaycan şahmatçısı 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.
Bakıdakı Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq. Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.
Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.


