Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunun 1/4 final mərhələsində ikinci oyununu keçirib.
Arena.az xəbər verir ki, bu gün turnirdə 1/4 finalın cavab görüşləri baş tutub.
Azərbaycan şahmatçısı Nicat Abbasov bu mərhələdə Hindistan təmsilçisi Vidit Santoşla mübarizə aparıb. 28 yaşlı qrossmeyster bu rəqibinə qarşı ötən gün baş tutan ilk görüşündə qara fiqurlarla oynamış və heç-heçəyə razılaşmışdı – 0,5:0,5.
Bu gün şahmatçılar növbəti mərhələyə vəsiqənin taleyinə aydınlıq gətiriblər. 28 yaşlı qrossmeysterimiz cavab oyununda güclü rəqibini məğlub edib – 1:0. Bu qələbə sayəsində Abbasov Dünya Kubokunda yarımfinala yüksəlib.
Abbasov Dünya Kubokunda yarımfinala vəsiqə qazanan ikinci azərbaycanlı şahmatçı kimi tarixə düşüb. Buna qədər 2019-cu ildə Teymur Rəcəbov ilk dəfə yarımfinalda iştirak edib və həmin il turnirin qalibi olub.
Qeyd edək ki, Dünya Kubokunda yarımfinal avqustun 19-da başlayacaq. Nicat Abbasovun yarımfinaldakı rəqibi Maqnus Karlsen (Norveç) – Domaradju Qukeş (Hindistan) cütünün qalibi olacaq. İlk görüşdə FİDE reytinqinin lideri Karlsen qalib gəlib.
Xatırladaq ki, Abbasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırmışdı.
Bakıdakı Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq. Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.
Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.


